Çempionlar Liqasında uğurlu çıxış edən “Qalatasaray” 3-cü turda A qrupunun lideri “Bayern”lə üz-üzə gələcək. Mütəxəssislərin fikrincə İstanbuldakı qarşılaşma “sarı qırmızılar” üçün heç də asan keçməyəcək. Üstəlik Türkiyə Super Liqasının 9-cu turunda “Beşiktaş”la derbi görüşündə zədələnərək 2 həftəlik sıradan çıxan Mauro İkardinin “Bayern”lə görüşdə iştirak edə bilməməsi “Cimbom”un işini daha da çətinləşdirir. Baş məşqçi Okan Burukun argentinalı forvardın əvəzinə Sedrik Bakambu və Halil İbrahim Dərvişoğlunun fəaliyyətindən yararlanacağı gözlənilir.

Zədəlilərdən söhbət düşmüşkən bu amil Almaniya klubunun düşərgəsində daha gərgin xarakterdədir. Münxen təmsilçisinin heyətində 7 futbolçu xəsarət alıb. Lakin Avropa mətbuatının son vaxtlar verdiyi xəbərə görə bu oyunçulardan ikisi – qapıçı Manuel Noyer və yarımmüdafiəçi Leon Qoretskanın görüşdə iştirak edə biləcəyi ehtimal olunub.

Qeyd edək ki, “RAMS” Park Stadionunda keçiriləcək “Qalatasaray” – “Bayern” Münxen qarşılaşması bu gün saat 20:45-də başlanacaq. Görüşü Davide Massanın rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.